Türk dünyasının problemlərinin birgə həllinə nail olmaq istəyiriksə…
(1 07 2010) |  Baxılıb: 118 | çapa vermək |
 
Yeniləşib: 1.07.2010 - 14:28


İlham İsmayılov: "İlk növbədə Dağlıq Qarabağ probleminin həllinə çalışmalıyıq"

"Konqresin Türkiyədən olan iştirakçıları onu da etiraf etdilər ki, Naxçıvan toplantısı bundan əvvəl keçirilən tədbirlərdən ən önəmlisi oldu"


ilham_ismayilov_mus.jpg (198.64 Kb)Bu günlərdə Naxçıvan Muxtar Respublikası daha bir beynəlxalq tədbirə evsahiblik etdi."Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" İctimai Birliyi, eləcə də Türkiyə Qastroentoloji Dərnəyi və Türkiyə Qastroentoloji Vəqfinin birgə təşkilatçılığı ilə Muxtar Respublikada akademik tibb toplantısı və tarix konqresi keçirildi. İyunun 28-30-u tarixlərində keçirilən toplantılar barədə məlumat verən "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" İctimai Birliyinin sədri İlham İsmayılov toplantıların keçirilmə zərurəti, onların əhəmiyyəti, eləcə də rəhbərlik etdiyi qurumun gələcək fəaliyyət istiqamətləri barədə dlanışıb.

-İlham müəllim, bu günlərdə Naxçıvan Muxtar Respublikasında keçirilən akademik tibb toplantısı və tarix konqresinin nəticələrini necə qiymətləndirirsinizğ Konqres qarşısına qoyduğu məqsədlərə nail ola bildimi?

-İlk öncə onu qeyd edim ki, Türkiyə Qastroentoloji Dərnəyi, eyni zamanda Türkiyə Qastroentoloji Vəqfi bir sıra beynəlxalq tədbirlər həyata keçirir. Bu 50 illik fəaliyyəti olan bir qeyri-hökumət təşkilatıdır. Onlar dünyanın bir sıra ölkələrində bu tipli konqreslər keçirirlər. Çox sevindrici haldır ki, adı çəkilən təşkilatlar Azərbaycanda keçirdikləri tədbirləri ATXƏM-lə bərabər reallaşdırırlar. Belə tədbirlərdən biri iyunun 28-30-u tarixlərində Naxçıvan Muxtar Respublikasında təşkil olundu. Bundan əvvəl isə anoloji tədbirlər 2008-ci ildə Gəncə və Bakı şəhərlərində təşkil edilmişdi. "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" İctimai Birliyi və Türkiyə Qastroentoloji Dərnəyi, eləcə də Ankarada fəaliyyət göstərən Türkiyə Qastroentoloji Vəqfinin birgə planlaşdırdığı layihə əsasında Naxçıvanda iki böyük toplantı baş tutdu. İyunun 28-də Azərbaycan və Türkiyə həkimləri arasında əlaqələrin qurulması məqsədilə tibb toplantısı, iyunun 30-da isə tarix konqresi oldu. Tibb toplantısında Türkiyədən 45 nəfərə yaxın mütəxəssis iştirak edirdi ki, onlardan 20 nəfərə yaxını professor, tibb sahəsində kifayət qədər tanınmış doktorlar idi. Türkiyədən gələn nümayəndə heyətinin tərkibinə qardaş ölkənin ən aparıcı tibb müəssisələrinin cərrahları, İstanbuldakı Memorial Xəstəxananın tibb mütəxəssisləri daxil idi. Toplantıda iştirak etmək üçün Bakıdan Muxtar Respublikaya səfər etmiş tibb mütəxəssisləri ilə türkiyəli həkimlər arasında elmi mübadilə aparıldı.

-Tarix konqresiinin keçirilməsi əvvəlcədən planlaşdırılmışdığ Yoxsa proqrama hansısa dəyişiklik edildi?

-Tibb toplantısına kifayət qədər ziyalıların qatılmasından istifadə edərək istiqaməti bir qədər dəyişib tarix konqresi keçirməyi qərara aldıq. Tarix konqresinin əsas əhəmiyyəti bu gün blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının vəziyyətini anlatmaq, o cümlədən Dağlıq Qarabağ və onun ətrafında olan ərazilərin ermənilər tərəfindən işğal edilməsi problemini dünya ictimaiyyətinə çatdırılmasını təmin etmək, diqqəti bu istiqamətə cəlb etmək idi. Konqresdə çıxışım zamanı türkiyəli qardaşlarımıza xitabən qeyd edim ki, siz Naxçıvana Sədərək gömrük postunu keçərək avtomobillə səfər etmisiniz, ancaq biz ayrılmaz hissəmiz olan Naxçıvana blokada şəraitində olduğu üçün təyyarə ilə gəlmişik. Çünki Naxçıvana quru yolu yoxdur. Ona görə də məcburuq ki, Naxçıvana ya başqa dövlətin ərazisindən, konkret olaraq İran İslam Respublikasından keçməklə, ya da təyyarə ilə gələk. Türkiyə Qastroentoloji Vəqfinin başqanı Əli Özdəm konqresdə çıxışında da qeyd etdi ki, artıq bundan sonra harada tədbir keçirməyimizdən asılı olmayaraq növbəti günümüzü tarix bölümünə həsr edəcəyik və türk dünyasının problemləri ilə bağlı ictimaiyyətə geniş məlumatlar verəcəyik. Təbii ki, bu problemlər sırasında ən başlıcası Dağlıq Qarabağ problemidir. Konqresdə çıxışım zamanı da bunu qeyd etdim. Bildirdim ki, biz türk dünyasının problemlərinin birgə həllinə nail olmaq istəyiriksə, ilk növbədə Dağlıq Qarabağ probleminin həllinə çalışmalıyıq. Əgər Dağlıq Qarabağ probleminin həllinə nail olsaq digər problemlərin həllinə bizdə inam əmələ gələcək və bunu həyata keçirə biləcəyik. Türkiyədən konqresə qatılan nümayəndələr də bu fikri yüksək qiymətləndirdilər. Naxçıvan Dövlət Universitetində keçirilən konqresdə adı çəkilən təhsil ocağının professor və müəllim heyəti də iştirak edirdi və onlar da öz növbəsində Muxtar Respublikanın tarixi, keçmişi və bu günü, eləcə də ümummilli lider Heydər Əliyevin Naxçıvan Ali Məclisinə sədrliyi dövründə burada aparılan quruculuq-abadlıq işləri barədə tədbir iştirakçılarına məlumat verdilər. Konqresin Türkiyədən olan iştirakçıları onu da etiraf etdilər ki, Naxçıvan toplantısı bundan əvvəl keçirilən tədbirlərdən ən önəmlisi oldu. Əsrin əvvəllərində erməni qırğınları zamanı Kazım Qara Bəkir Paşanın Naxçıvanı azad etməsi barədə də konqresdə məlumat verildi və bildirildi ki, bu gün Kazım Qara Bəkir Paşa həqiqətən də Naxçıvanın xilaskarı kimi tanınır. Hətta bu kimi toplantılarda ilk dəfə iştirak edən türkiyəli həkimlərin bir neçəsi etiraf edirdi ki, siz bizə türklüyümüzü bir daha anlatdınız. Hesab edirəm ki, bizim iki günlük toplantımız çox önəmli oldu.

-Muxtar Respublikada hansısa əlavə görüşlər keçirildimi?

-Konqres iştirakçıları Naxçıvan Muxtar Respublikasında ictimaiyyətin çox böyük diqqətini cəlb etdilər. Konqresin ikinci günü çoxsaylı insanlar həkimlərdən müəyyən məsləhət almaq üçün demək olar ki, növbəyə düzülmüşdülər. Yerli televiziya kanalları da tədbirlər barədə geniş məlumat verirdi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun tapşırığı əsasında Muxtar Respublikanın rəhbərliyi tərəfindən də çox böyük qonaqpərvərlik nümayiş etdirildi, səhiyyə naziri əvvəldən axıra qədər bütün tədbirlərdə bizimlə birgə oldu. Konqresdən sonra isə Naxçıvan incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil edildi, Türkiyədən gələn qonaqlara hədiyyələr təqdim olundu. Eyni zamanda Türkiyə Qastroentoloji Dərnəyi tərəfindən Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə simvolik də olsa müəyyən hədiyyələr verildi. Bir sözlə bizim təşkilatçılığımızla orada çox böyük bir bayram yaşandı. Uzun zaman çəkdiyimiz zəhmətin müsbət nəticə verməsindən və toplantıların yüksək səviyyədə keçməsindən qürur duyuram.

-Keçirilən toplantılarda hansısa qərarlar qəbul edildi?

-Təxminən belə bir razılıq əldə olundu ki, növbəti tədbiri ya Orta Asiya respublikalarından birində, ya da Krımda keçirək. Bu gün Orta Asiyada baş verən hadisələr, Qırğızıstanın Oş və Cəlilabad şəhərlərində bir müddət əvvəl cərəyan edən proseslərin fonunda belə bir təklif səsləndi ki, bu cür tədbirləri orada da keçirək. Bizim qardaş olduğumuzu, eyni tarixə və soykökə mənsubluğumuzu onlara da anladaq. İlkin mərhələdə növbəti tədbiri Qazaxıstanda keçirməyi nəzərdə tutmuşuq. Cari ilin sonuna qədər Aktau və ya Astana şəhərində anoloji tədbirlərin keçirilməsi planlaşdırılıb. Bir qrup insanlar isə həmin tədbirin Krımda olmasını təklif edirlər. Heç şübhəsiz ki, bu məsələni müzakirə edib müvafiq qərar qəbul edəcəyik. Təbii ki, belə bir tədbirlərin keçirilməsi üçün bir neçə ay danışıqlar gedir, hazırlıq işləri həyata keçirilir. Eyni zamanda tədbirdə iştirak edəcək insanların orada qalması üçün maliyyə vəsaiti tələb edilir. Azərbaycanda keçirilən tədbirlərdə biz yalnız qonaqpərvərlik nümayiş etdirib onları qarşılayırıq. Yerdə qalan məsrəfləri isə Türkiyədə fəaliyyət göstərən şirkətlər özləri ödəyir. Ancaq tədbirlər Azərbaycandan kənarda keçiriləndə gərək bu kimi məsələləri müzakirə edək.


Süleyman

"Olaylar" qəzeti, 01 iyul 2010-cu il
Geri qayıtmaq ]
 
© 2008 © Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi